Yevlaxda narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Bakı, 10 noyabr, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı 2 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilən tədbirdə polis əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev və digərləri çıxışlarında şagirdlərə narkomaniyanın fəsadları barədə ətraflı məlumat verib, narkotiklərdən asılılığın zərərlərini izah ediblər. Həmçinin ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələri, həmin şəxslərə qarşı hüquq-mühafizə orqanlarının barışmaz mövqeyi dinləyicilərin diqqətinə çatdırılıb.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.