Yevlaxda onlayn formatda maarifləndirmə tədbiri keçirilib
Bakı, 22 may, AZƏRTAC
Yevlax Rayon Polis və Təhsil şöbələrinin təşkilatçılığı ilə şagirdlərlə maarifləndirmə mövzusunda videokonfrans keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Yevlax Rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev, Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Elməddin Cəfərov, Təhsil şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki E.Mehdiyev ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında şagirdlərə geniş məlumat verib. Bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirilib və bu tədbirlərin nəticəsidir ki, hazırda virusun yayılması ilə bağlı vəziyyət nəzarət altına alınıb. Ona görə də ölkəmizdə koronavirusla əlaqədar karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Bununla belə, təhlükə hələ tam sovuşmayıb və gündəlik yoluxma halları qeydə alınmaqdadır. Bunu nəzərə alaraq hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, şagirdlərə mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.
E.Mehdiyev narkotiklərin insan sağlamlığına vurduğu zərərlərdən, erkən nikahın və dini radikalizmin cəmiyyətdə səbəb olduğu fəsadlar barədə də şagirdlərə məlumat verib.
Daha sonra çıxış edənlər dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar yaranmış çətinliyin müvəqqəti olduğunu qeyd edib, problemlərin qısa zaman kəsiyində həll edilməsi üçün görülən tədbirləri yüksək qiymətləndiriblər. Şagirdlərə diqqətli olmağı, sağlamlıqlarının qeydinə qalmağı, pis vərdişlərdən uzaq olmağı tövsiyə ediblər.