“Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər olunacaqdır
Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli iclasın gündəliyi ilə deputatları tanış etmişdir.
Sonra parlament Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov gündəlikdəki bir neçə qanun layihələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna və bu qanunun tətbiqi ilə bağlı Əsasnaməyə təklif olunan dəyişiklikdə məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın müvəqqəti olaraq ölkədən getməsi hüququnun müəyyən müddətə məhdudlaşdırılması ilə bağlı məsələlər öz əksini tapmışdır.
“Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişikliklər barədə qeyd edilmişdir ki, sənədə yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlbetmə ilə bağlı yeni müddəa əlavə olunmuşdur. Layihədə inzibati xəta ilə bağlı protokolun tərtib edilməsi və cərimənin yeni qaydada ödənilməsi ilə bağlı məsələlər də əksini tapmışdır. Bildirildi ki, göstərilən dəyişikliklər müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də ediləcəkdir.
İclasda vətəndaşın ərizəsinə baxılma qaydaları ilə əlaqədar Mülki Prosessual Məcəlləyə nəzərdə tutulan dəyişiklik barədə də məlumat verilmişdir.
Sonra parlament Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Seyid Hacı Mirhəşim “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklərdən danışmışdır. O demişdir ki, sənəddə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddinin 65 olması təklif edilir. Eyni zamanda, bu vaxt 5 ildən çox olmayaraq hər dəfə 1 il müddətinə uzadıla bilər. Məsələ ilə bağlı fikir mübadiləsi zamanı komitə üzvləri dövlət qulluğunda olmanın yaş həddinin “pensiya yaşı” ifadəsi ilə əvəzlənməsi barədə rəy və təkliflər irəli sürmüşlər.
İclasda Mülki Prosessual, Cinayət, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Ailə və Mülki məcəllələrində, habelə “İcra məmurları haqqında” və “İnzibati icraat haqqında” qanunlara təklif olunan dəyişikliklərə də baxılmışdır. Qeyd olunmuşdur ki, adı çəkilən sənədlərdə “məhkəmə nəzarətçiləri” və “məhkəmə icraçısı” sözlərinin “icra məmurları”, “icra məmuru” ifadələri ilə əvəz edilməsi təklif olunur.
Komitə üzvləri müzakirə olunan məsələlər barədə fikirlərini açıqladılar.
Sonda deputatların təklifləri də nəzərə alınmaqla, gündəlikdəki qanun layihələrinin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.