Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycanın Yunanıstandakı səfirliyinin Salonikidə təhsil alan tələbələrlə birgə təşkilatçılığı ilə fevralın 23-də bu şəhərdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Türkiyənin Salonikidəki baş konsulu, Yunanıstanın ictimai və dini dairələrinin nümayəndələri, jurnalistlər və biznesmenlər, habelə Salonikidə təhsil alan Türkiyə, Rusiya, Çexiya, Latviya, Polşa, Almaniya, Fələstin, Gürcüstan, Tacikistan, Özbəkistan və Qazaxıstandan olan tələbələr iştirak etmişlər.
Azərbaycan səfirliyinin müşaviri Anar Hüseynov və Saloniki Texnologiya İnstitutunun tələbəsi İsa Məmmədov çıxış edərək Xocalı faciəsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açmışlar. “Xocalı” qısametrajlı filmi nümayiş etdirilmişdir. Görüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Fevralın 26-da Azərbaycan tələbələri Salonikinin mərkəzi Aristotel meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüş təşkil etmişlər.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Yunanıstanın elektron kütləvi informasiya vasitələri Xocalı faciəsi ilə əlaqədar hadisələri geniş işıqlandırmışlar. Yunanıstanın athenspresss.gr, agioritikovima.gr, vizantino-gr.blogspot.com kimi sayt və bloqlarında və digər saytlarda “Azərbaycanın Xocalı şəhərində soyqırımın ildönümü” sərlövhəli informasiya və məqalələr yerləşdirilmişdir.
Səfirliyimiz tərəfindən hazırlanmış, Xocalı soyqırımı və “Xocalıya ədalət” kampaniyası haqqında ətraflı informasiya təqdim edən kitabçalar Yunanıstan Respublikası Prezidentinin ofisinə, parlamentə və Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur. Xocalı faciəsi və “Xocalıya ədalət” kampaniyası haqqında informasiya, həmçinin Azərbaycanın Yunanıstandakı azembassy.gr saytında yerləşdirilmişdir.