İQTİSADİYYAT
YUNFPA AZƏRBAYCANDA HƏYATA KEÇİRDİYİ PROQRAMIN NƏTİCƏLƏRİNİ AÇIQLAMIŞDIR
Sentyabrın 13-də “Həyat Recensi-Naxçivan” mehmanxanasında BMT Əhali Fondunun /YUNFPA/ Azərbaycanda həyata keçtirdiyi proqramın nəticəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Baş nazirin müavini Elçin Əfəndiyev yığıncağı giriş sözü ilə açaraq, YUNFPA-nın ölkəmizdə həyata keçirdiyi proqramın böyük əhəmiyyətini vurğuladı. O bildirdi ki, ölkəmiz BMT-nin himayəsi ilə Qahirədə keçirilmiş Dünya konfransının qərarlarını tamamilə bəyənir. Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışlarında bu konfransın qərarlarının mühüm əhəmiyyətini və onların ölkəmizdə yerinə yetirilməsinin zəruriliyini dəfələrlə vurğulamışdır.
Elçin Əfəndiyev YUNFPA proqramının nəticələrinə toxunaraq dedi ki, onun “Reproduktiv sağlamlıq və ailə planlaşdırması” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 20-dək mərkəz açılmış və bunlarda 2 mindən artıq tibb işçisi ixtisasını artırmışdır. Təhsil sahəsində də müəyyən iş görülmüşdür. “Ailə həyatının əsaslarına dair tədris proqramının genişləndirilməsi” layihəsi çərçivəsində YUNFPA-nın vəsaiti ilə müvafiq dərsliklər çap olunmuşdur. Bundan əlavə, Fond statistika işlərini təkmilləşdirmək üçün maliyyə vəsaiti ayırmış, Dövlət Statistika Komitəsini kompüterlərlə təmin etmişdir.
Sonra YUNFPA-nın Avropa və Yaxın Şərq ölkələri üzrə regional direktoru Valid Əl-Xatib, Fondun Türkiyə, Azərbaycan və Türkmənistandakı nümayəndəsi Alan Mürşid YUNFPA-nın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verdilər. Bildirildi ki, Fonda daxil olan yardımın təxminən 63 faizi reproduktiv sağlamlıq, o cümlədən ailə planlaşdırması və seksual sağlamlıq, gənclərin reproduktiv sağlamlığı problemlərinin həllinə yanaşmanın təkmilləşdirilməsi, analar arasında ölüm hallarının azaldılması, qaçqınlara təcili yardım göstərilməsi və QİÇS probleminin həlli məsələləri üçün istifadə olunur.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, “Reproduktiv sağlamlıq və ailə planlaşdırması” layihəsinin milli əlaqələndiricisi İzzət Şamxalova, təhsil nazirinin müavini Elmar Qasımov, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva yığıncaq iştirakçılarını YUNFPA proqramı çərçivəsində əldə olumuş nəticələrlə tanış etdilər.
YUNFPA-nın Azərbaycan üzrə baş müşaviri Cəmilə Kərimovanın maliyyə məsələləri ilə bağlı hesabatından sonra qarşıda duran vəzifələrə dair geniş fikir mübadiləsi aparıldı.