Yuri Boçarov: Çoxmədəniyyətli cəmiyyət Azərbaycanın zənginliyidir
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi icmasını Roş ha-Şana bayramı münasibətilə təbrik etməsini sadəcə xoş bayram jesti deyil, Azərbaycanın haqlı olaraq qürur duya biləcəyi dövlət və ictimai ənənəsinin mühüm rəmzi hesab edirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov deyib.
Onun sözlərinə görə, tolerantlıq Azərbaycan üçün heç vaxt süni şəkildə yaradılmış siyasi şüar olmayıb. “Bu dəyər əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ölkənin həyatında formalaşıb. Həmin insanlar öz dinlərini, mədəniyyətlərini və ənənələrini qoruyub saxlamaqla yanaşı, özlərini ümumi cəmiyyətin bir hissəsi kimi hiss ediblər. Müstəqillik illərində Azərbaycanın bu tarixi xüsusiyyəti yeni dövlət məzmunu qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə milli və dini müxtəlifliyə hörmət siyasəti müasir Azərbaycanın ən diqqətçəkən xüsusiyyətlərindən birinə çevrilib. Çoxmədəniyyətli cəmiyyət Azərbaycanın zənginliyidir”, - deyə israilli politoloq vurğulayıb.
O qeyd edib ki, həyatı və ailə tarixləri Azərbaycanla bağlı olan insanlar üçün bu münasibət xüsusilə qiymətlidir. “Azərbaycanın yaratdığı tolerantlıq mühitini yalnız rəsmi bəyanatlardan deyil, şəxsi həyat təcrübəsindən bilən insanlar var. Biz bu mühitdə yaşamışıq. Azərbaycan çoxumuza dost, ailə anlayışı, böyüklərə hörmət, dostluğa sədaqət və başqa millətdən, başqa dindən olan insanlarla dünyanı “özümüzünkülər” və “yadlar” olaraq bölmədən yanaşı yaşamaq bacarığı verib. Azərbaycan bu insani dəyərləri qoruyub saxlamağı bacarıb və bu gün dünyaya çox sadə, lakin son dərəcə mühüm bir prinsip nümayiş etdirir. Güclü dövlət müxtəliflikdən qorxmur, ona hörmət edir və onu öz sərvətinə çevirir”, - deyə israilli politoloq vurğulayıb.
Müxbir - Səbinə Əlizadə