ZAQATALA GƏNCLƏRİ V FORUMA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclərinin V Forumuna hazırlıq çərçivəsində respublikanın ayrı-ayrı şəhər və rayonlarında toplantıların keçirilməsi davam edir. Növbəti tədbir Zaqatala rayonunda keçirilmişdir. Toplantıda gənclər və idman nazirinin müavini İntiqam Babayev iştirak etmişdir.
“Qala düzü” istirahət mərkəzində keçirilən tədbirin əvvəlində Zaqatala rayonunda idman və gənclər sahəsində görülən işlərdən bəhs edən “Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir” və “Sosial-iatisadi inkişaf. Zaqatala 2007-ci ildə” filmləri nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov son iki ildə rayonda görülən işlər barədə danışmış, ümummilli liderimiz Heydər Əliyevin siyasətinin həyata keçirilməsində rayon gənclərinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsində, milli vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında ulu öndərimizin xidmətlərini xüsusi vurğulayan icra başçısı, idman, elm, təhsil və digər sahələrdə qazanılan uğurları dövlətin gənclərə diqqət və qayğısının məntiqi nəticəsi kimi dəyərləndirmişdir.
Toplantıda rayon gənclər və idman idarəsinin rəisi Araz Əliyevin Azərbaycan Gənclərinin IV Forumundan ötən müddət ərzində rayonda idman və gənclər siyasəti sahəsində görülən işlər, rayon gənclərinin əldə etdiyi nailiyyətlər barədə məruzəsi dinlənilmişdir.
Tədbirdə çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən razı qaldıqlarını bildirmiş, qarşıdan gələn prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevi dəstəkləyəcəklərini xüsusi vurğulamışlar.
Toplantıda gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək gənclərin qarşısında duran vəzifələrdən danışmış, onları respublikanın, eləcə də rayonun ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Azərbaycanın inkişafına öz layiqli töhfələrini verməyə çağırmışdır.
Daha sonra Azərbaycan Gənclərinin V Forumunda iştirak etmək üçün 20 nəfərdən ibarət nümayəndə heyəti seçilmişdir.
Tədbirin sonunda rayon gəncləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.