QAN YADDAŞI
ZAQATALADA 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Zaqatala, 8 yanvar (AZƏRTAC). Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 yanvar faciəsinin ildönümü ilə bağlı Zaqatala rayonunda da silsilə tədbirlərin, anma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Faciənin ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi məqsədi ilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təşkilat komissiyası yaradılmış, tədbirlər planı təsdiq edilmişdir. Plana əsasən, 20 Yanvarın Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qəhrəmanlıq rəmzi günü kimi qeyd olunması məqsədi ilə rayonun şəhər, qəsəbə və kəndlərində, idarə, müəssisə və təşkilatlarda konfranslar, “dəyirmi masa”lar, xatirə gecələri, şəhid ailələrinin üzvləri ilə görüşlər keçiriləcək, rəsm və kitab sərgiləri təşkil ediləcəkdir.
Yanvarın 18-də Zaqatala Olimpiya İdman Kompleksində yeniyetmələr arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyinin startı veriləcək, mərkəzi kitabxanada “20 Yanvar hadisələri rayon yazarlarının yaradıcılığında” mövzusunda tədbir keçiriləcək, Muxax kəndində “Bir kəndin şəhidləri” kitabının təqdimatı olacaqdır.
Yanvarın 19-da Aşağı Tala, Qımır və Göyəm kəndlərində şəhidlərin xatirəsinə tikilmiş abidələrin açılışı olacaq, rayon ictimaiyyəti Zaqatala şəhərindəki “Şəhidlər xiyabanı” kompleksini ziyarət edəcək, şəhidlərin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir. Həmin gün tədris müəssisələrində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər təşkil olunacaqdır.
Yanvarın 20-də rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.