Zaqatalada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcəkdir
Zaqatala, 12 yanvar (AZƏRTAC). Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Zaqatala rayonunda silsilə tədbirlərin, anma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi məqsədilə rayon icra hakimiyyətində xüsusi tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına əsasən 20 Yanvar günü rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunacaqdır. Qanlı faciənin ildönümü ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda, yerlərdə silsilə tədbirlər, o cümlədən konfranslar, “dəyirmi masa”lar, xatirə gecələri keçiriləcək, mədəniyyət evləri və kitabxanalarda kitab sərgiləri, guşələr təşkil olunacaqdır. Eyni zamanda, rayonun ümumtəhsil məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək, sənədli filmlər nümayiş etdiriləcəkdir.
Faciənin ildönümü ərəfəsində Zaqatala şəhərindəki “Şəhidlər xiyabanı” kompleksinin ərazisində, habelə qəsəbə və kəndlərdə şahidlərin xatirəsinə ucaldılmış abidələrin ətrafında abadlıq işləri görüləcəkdir. Rayondakı şəhid ailələrinə, eləcə də Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş müharibə iştirakçılarına yardımlar göstəriləcəkdir.
Yanvarın 19-da rayon ictimaiyyəti “Şəhidlər xiyabanı” kompleksini ziyarət edəcək, abidənin önünə qərənfillər düzəcək, şəhidlərin xatirəsini yad edəcəkdir.
Həmin gün Zaqatala Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyinin startı veriləcəkdir.
Yanvarın 20-də rayon mədəniyyət evində faciənin ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçiriləcəkdir.