ZAQATALADA GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Zaqatala, 29 yanvar (AZƏRTAC). 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə yanvarın 29-da Zaqatala rayonunda bayram tədbirləri keçirilmişdir.
Rayon gənclərinin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidə kompleksinin önünə əklil və tər çiçəklər düzmüşlər.
Rayon rəhbərliyi, gənclər və ictimaiyyət nümayəndələri Dombabinə kəndində daxili imkanlar hesabına inşa edilmiş güləş zalının açılışında iştirak etmişlər. Qısa müddət ərzində tikilmiş güləş zalı müasir standartlara cavab verir.
Həmin gün Zaqatala Olimpiya İdman Kompleksində rayon gənclərinin əl işləri və rəsm əsərlərindən ibarət sərgi açılmışdır.
Rəqs kollektivlərinin təqdim etdikləri maraqlı kompozisiyalar, habelə gənc əsgərlərin, idmançıların əlbəyaxa döyüş, güləş, karate və digər idman növləri üzrə nümunəvi çıxışları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır. Zaqatala idmançılarının 2008-ci ildə qazandıqları uğurlardan, habelə rayonda idmanın inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirilmişdir.
Əlamətdar gün münasibətilə gəncləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluğun 1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldığını vurğulamışdır. Qeyd etmişdir ki, 1996-cı ildə ulu öndərin təşəbbüsü ilə gənclərin I Forumu keçirilmiş, onun müvafıq sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Bu gün respublikamızda gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Natiq gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə dövlət başçısının imzaladığı və 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı xüsusi vurğulamışdır.
Sonra 2008-ci ildə təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğu, idman və digər sahələrdə yüksək nailiyyətlər qazanmış 30 gəncə qiymətli hədiyyələr təqdim edilmişdir. Gənclər arasında dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Sərxan Əhmədov, gənclər arasında dünya çempionatının bürünc mükafatçısı Ramin Qurbanov dövlət başçısının xüsusi hədiyyələri ilə - VAZ-2107 markalı minik avtomobilləri, onların məşqçiləri isə plazma ekranlı “Samsunq” televizorları ilə mükafatlandırılmışlar.
Tədbirlərdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, cüdo üzrə Pekin Yay Olimpiadasının qəhrəmanı, “Şöhrət” ordenli Elnur Məmmədli, Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlüd Mirəliyev, cüdo üzrə yığma komandanın baş məşqçisi Ağayar Axundzadə iştirak etmişlər.
Bayram şənliyi respublikamızın incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatmışdır.