Zəfər təqvimimizin daha bir şərəfli tarixi

Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi, torpaqlarımızı addım-addım, qarış-qarış işğaldan qurtardı.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov AZƏRTAC-a açıqlamasında söyləyib.
Komitə sədri bildirib ki, təqvim 4 oktyabr 2020-ci il tarixini göstərərkən Müzəffər Ali Baş Komandanımız Qələbə tvitlərindən birini atdı: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Bəli, rəşadətli Ordumuz tarix yazdı - 27 il erməni vandalizminin hərbi-siyasi əsirliyində qalmış Cəbrayılı azadlığa qovuşdurdu. Bu, Vətən müharibəsinin gedişində növbəti strateji nailiyyətlərin anonsu idi.
Siyavuş Novruzov diqqətə çatdırıb ki, Cəbrayıldan sonra digər tarixi torpaqlarımız, doğma yurd-yuvalarımız da işğaldan azad edildi, tarixi ədalətin bərpasına nail olduq. Bu gün erməni faşizminin tapdağından xilas edilmiş bütün torpaqlarımızda, o cümlədən Cəbrayılda bərpa-quruculuq işləri aparılır, həmin ərazilərə yeni həyat və nəfəs verilir.
“Müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli bayrağımız həmin ərazilərdə əzəmətlə və qürurla dalğalanır. Bu, qalib Azərbaycanın qüdrətinin göstəricisi, məğrur xalqımızın isə qürur mənbəyidir!”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.