Zəhra Vəzirova: Pediatrik kardiocərrahiyyə əməliyyatları dövlət tibb müəssisələrində də həyata keçirilməlidir
Bakı, 8 iyul, AZƏRTAC
Yeni Klinika multidisiplinar tibb müəssisəsidir. Burada ambulator xidmətlərdən başlayaraq, demək olar ki, bütün cərrahi xidmətlər göstərilir. Neyrocərrahiyyədən transplantasiyaya, kardiocərrahiyyəyədək geniş spektrdə tibbi xidmətlər təqdim olunur. Hazırda əsas istiqamətlərimizdən biri pediatrik kardiocərrahiyyənin inkişafıdır. Bu sahə üzərində intensiv şəkildə çalışırıq və artıq həyata keçirilən əməliyyatların sayını artırmışıq.
Bu fikirləri AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Yeni Klinikanın direktoru Zəhra Vəzirova səsləndirib.
“Hesab edirik ki, pediatrik kardiocərrahiyyə əməliyyatları mütləq dövlət tibb müəssisələrində də həyata keçirilməlidir. Təkcə bu həftə ərzində artıq üç belə əməliyyat icra olunub. Qarşıdakı dövrdə onların sayını daha da artırmağı planlaşdırırıq. Çünki belə əməliyyatlara ehtiyacı olan uşaqların sayı kifayət qədər çoxdur. Hazırda əsas prioritet layihələrimizdən biri məhz budur. Bundan başqa, üzərində çalışdığımız daha iki layihə də var. Lakin hələlik onlar barədə ətraflı məlumat vermək istəmirəm”, - deyə direktor qeyd edib.