QAN YADDAŞI
Zərdabda 31 mart – Azərbaycanlıların soyqırımı günü kütləvi anma tədbirləri ilə qeyd olunmuşdur
Zərdab, 30 mart (AZƏRTAC). Zərdabda 31 mart - Azərbaycanlıların soyqırımı günü kütləvi anma tədbirləri ilə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, martın 30-da rayon mərkəzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış kompleksin önündə əmək kollektivlərinin, ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə anma mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları xatirə kompleksinin önünə təzə-tər çiçəklər qoymuş, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər.
Anma mərasimində çıxış edənlər son iki yüz ildə cənubi Qafqaza köçürülən, çar Rusiyasının havadarlığı ilə Azərbaycan torpaqları hesabına öz dövlətlərini quran ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və onun dəhşətli nəticələri barədə ətraflı danışmışlar.
Ermənilərin planlı şəkildə əlverişli tarixi şəraitdən istifadə edəcək törətdikləri qətliamlardan bəhs edən mərasim iştirakçıları təkcə 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda, Qubada, Zəngəzurda, Şamaxıda və Azərbaycanın digər yerlərində yüzlərlə yaşayış məntəqəsini dağıtdıqlarını, on minlərlə soydaşımızı amansızlıqla qətlə yetirdiklərini vurğulamışlar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin getdikcə artan iqtisadi və hərbi qüdrətindən söhbət açan mərasim iştirakçıları azərbaycanlılara qarşı törədilən insanlıqla bir araya sığmayan qətliamlara görə erməni faşistlərinin gec-tez cavab verməli olacaqlarına əminlik ifadə etmişlər.
Sonda mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.