Zərdabda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Zərdab, 24 fevral, AZƏRTAC
Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Xocalı soyqırımında yaşananların tarixi xronikası” adlı foto sərgi ilə tanış olublar.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimovanın “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Milyonlarla soydaşımız davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib.
Çıxışlarda 23 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliam konkret faktlarla diqqətə çatdırılıb, təqsirkarların haqlı cəzalarına çatacaqlarına, işğal altındakı torpaqlarımızın düşməndən azad ediləcəyinə, həmvətənlərimizin öz ata-baba yurdlarına dönəcəklərinə əminlik ifadə edilib.
Tədbirdə ədəbi-bədii kompozisiya və Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.