ZEYNO BARAN: ABŞ PREZİDENTİ VƏ DÖVLƏT KATİBİ AZƏRBAYCAN, QAZAXISTAN VƏ TÜRKMƏNİSTANA SƏFƏR ETMƏLİDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikir ABŞ-dakı Hudson İnstitutunda Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baranın iyunun 12-də Birləşmiş Ştatlar Senatının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyi hesabatda yer almışdır.
Hesabatda qeyd olunur ki, Avropa İttifaqının (Aİ) enerji mənbələrinin diversifikasiyasını təmin etmək və Rusiya təbii qazından asılılığı azaltmaq üçün ABŞ və Aİ Xəzər hövzəsi ölkələrinə, xüsusilə Azərbaycan, Qazaxıstan və Türkmənistana diqqəti artırmalıdırlar.
Bu baxımdan mükəmməl örnək olmuş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bir tərəfdən Azərbaycan, Gürcüstan və Türkiyənin, digər tərəfdən isə Vaşinqton və Avropa İttifaqının güclü həmrəyliyinin bəhrəsi olmuşdur. Bu layihələr, eyni zamanda, Azərbaycan və Gürcüstanın dövlət müstəqilliyini də möhkəmləndirmişdir.
Mərkəzi Asiyada isə vəziyyət bir qədər mürəkkəbdir. Qərbin potensial enerji mənbələri sayılan Türkmənistan, Özbəkistan və Qazaxıstan bu regionda nüfuzunu artırmaq istəyən Rusiya, Çin və İranın əhatəsindədirlər. Karbohidrogen ehtiyatları Rusiya vasitəsilə dünya bazarlarına çıxarıldığı təqdirdə bu ölkələrin tam müstəqiliyindən söhbət gedə bilməz. Hazırda Rusiya Qazaxıstan neftini öz kəmərləri vasitəsilə Qara dənizə çıxarmağa çalışır. Bundan başqa, Moskva Qara dənizdən Bolqarıstan və Yunanıstana çəkiləcək Burgas-Aleksandropolis neft kəmərini də doldurmaq niyyətindədir. Bu planlar Qazaxıstanda böyük sərmayələri olan Qərbin iri enerji şirkətləri - Şevron və Exxon üçün heç də əlverişli deyildir.
Zeyno Baran belə mürəkkəb vəziyyətdə daha böyük həcmdə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlini ABŞ və Aİ üçün başlıca çıxış yolu hesab edir. Azərbaycan-Qazaxıstan enerji tandemi Şərq-Qərb enerji dəhlizini genişləndirmək və qeyri-OPEC neft bazarını gücləndirmək üçün ən mühüm yoldur. Bütün bu hadisələrin fonunda ABŞ administrasiyası Azərbaycan və Qazaxıstan tandemi ilə Ukrayna-Polşa xəttinə güclü dəstək verməlidir.
Qərbin enerji təhlükəsizliyində mühüm amil olan təbii qaz təminatına gəldikdə isə, Zeyno Baranın hesabatında bunun ən vacib komponenti kimi Nabukko layihəsi göstərilir. Qeyd olunur ki, ABŞ-ın dəstəyi ilə Bakı-Tbilisi-Ərzurum kəməri işə salınmış, 2007-ci ilin noyabrında isə bu kəmər Türkiyə-Yunanıstan kəməri ilə birləşdirilmişdir. Tezliklə Azərbaycan qazı İtaliyaya da nəql olunacaqdır. Nabukko isə, ABŞ və Aİ üçün bütün bu uğurlu layihələrin yekunu olacaqdır.
Belə bir şəraitdə Nabukko layihəsinə alternativ olaraq Rusiya Türkiyəyə 2-ci “Mavi axın” adlandırılan yeni qaz kəməri çəkmək və öz qazını buradan Avropaya nəql etmək istəyir. Lakin, 1-ci “Mavi axın” layihəsindən nəticə çıxaran Ankara daha çox ABŞ, Aİ və onların Mərkəzi Asiyadakı tərəfdaşları ilə əməkdaşlığa üstünlük vermişdir. Moskvanın buna cavabı isə Türkiyədən yan keçməklə Bolqarıstan və Yunanıstana qaz kəməri çəkmək planı olmuşdur.
Hesabatda yekun olaraq göstərilir ki, getdikcə artan enerji rəqabəti şəraitində ABŞ-ın növbəti mühüm addımı Xəzər-Avropa enerji dəhlizinin möhkəmləndirilməsi olmalıdır. Birləşmiş Ştatların Prezidenti və dövlət katibi hadisələri qabaqlamaq üçün Azərbaycan, Qazaxıstan və Türkmənistana səfər etməlidirlər. ABŞ Konqresi nümayəndə heyətinin də bu ölkələrə səfəri faydalı olardı. Hesabatda 2007-ci ildə Aİ-nin Xəzər dənizi və Yaxın Şərq - Avropa İttifaqı qaz marşrutu üzrə əlaqələndiricisi təyin olunmuş Hollandiyanın keçmiş xarici işlər naziri Yozias van Aartsenin hələ də Azərbaycan və Türkmənistana səfər etməməsi nöqsan kimi qiymətləndirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara