“ZÜLMƏTDƏ PARLAYAN QILINC” KİTABININ MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 23 iyun (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair-publisist, “Qızıl qələm”, “Araz” ədəbi mükafatı laureatı Eldar İsmayılın “Zülmətdə parlayan qılınc” kitabının müzakirəsi keçirilmişdir.
Akademik Teymur Bünyadov, AYB-in Qarabağ bölməsinin sədri, Prezident təqaüdçüsü, şair İlyas Tapdıq, elmlər doktoru Almaz Ülvi və başqaları Eldar İsmayılın həyat və yaradıcılığından söhbət açmışlar.
E.İsmayıl 1942-ci ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. Bakı Mədəni Maarif Texnikumunu və Bakı Dövlət Universitetini bitirmişdir. İlk şeiri “Dostluq” rayon qəzetində çap olunmuşdur. O, 1988-ci ildə on minlərlə soydaşımız kimi mənfur qonşularımızın yeritdiyi siyasət nəticəsində öz doğma yurdundan didərgin salınmış, Bakı şəhərində məskunlaşmışdır. Qaçqın ömrü yaşayan şairin 33 kitabı işıq üzü görmüşdür.
Bildirilmişdir ki, cəsarətli şair-publisist kimi tanınan E.İsmayılın son dövr roman yaradıcılığı ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur. Onun tarixi roman janrında yazdığı trilogiya - “Göyçənin qisası”, “Səttaroğlu” və sonuncu “Zülmətdə parlayan qılınc” kitabları qədim Göyçə haqqında qələmə alınmış böyük tarixi, etnoqrafik əsərlərdir və bu əsərlərdə arxiv materiallarından istifadə olunmuşdur.
Müzakirəsi keçirilən “Zülmətdə parlayan qılınc” romanındakı hadisələr XIX əsrin sonları-XX əsrin əvvəllərində Göyçə mahalında və onun ətrafındakı qədim Azərbaycan torpaqlarında baş verir. Əsərin qəhrəmanı uzun illər çar üsul-idarəsində məmur işləyən Qaraimanlı Məşədi İsa olduqca bacarıqlı, gözüaçıq, maarifpərvər, müdrik, xalqının, torpağının qədrini bilən bir Azərbaycan oğludur. Onun və silahdaşlarının simasında müəllif 1905-1907, 1918-1919-cu illərdə erməni-daşnak birləşmələrinə qarşı döyüşən ziyalılarımızın obrazını canlandırmışdır.
Eldar İsmayıl əsəri haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.
######
