REGİONLAR
Xaçmazda taekvando üzrə zona yarışlarının qalibləri mükafatlandırılıb VİDEO
Xaçmaz, 8 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində uşaq, yeniyetmə və gənc taekvandoçular arasında keçirilən zona yarışlarının qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunan turnirdə Bakı, Quba, Qusar və Xaçmazı təmsil edən 8 komandanın tərkibində 200-ə yaxın idmançı qüvvəsini sınayıb.
Yarışların açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu söyləyib. Çıxışlarda, həmçinin Azərbaycanda idmana göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb.
Gərgin mübarizə şəraitində keçən yarışlarda qusarlı taekvandoçular komanda hesabında birinci yerə layiq görülüb. Quba komandası ikinci, xaçmazlı idmançılar isə üçüncü olub.
Yarışlarda yer tutan idmançılara diplom və medallar, qalib komandalara isə kubok təqdim edilib.