REGİONLAR
Rusiyalı ekspertlər Xaçmazda rus dili müəllimləri ilə qarşılıqlı fikir mübadiləsi aparıblar VİDEO
Xaçmaz, 29 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 29-da Xaçmazda fəaliyyət göstərən məktəblərin rus dili müəllimləri Rusiyadan gələn təlimçilərin iştirakı ilə keçirilən seminar-təqdimata cəlb olunublar.
AZƏRTAC xəbər verir ki, seminar Bakıda “Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda keçirilən beynəlxalq konqres çərçivəsində, Xaçmazdakı Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə təşkil edilib.
İştirakçılar əvvəlcə Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, təhsil ocağında yaradılmış Zərifə Əliyeva Muzeyi ilə tanış olublar.
Seminarda Rusiyanın Moskva, Sankt-Peterburq, Həştərxan, Şimali Osetiya, Dağıstan, Udmurtiya, Stavropol və başqa regionlarından, eləcə də Bolqarıstan, Türkiyə, Latviya və MDB ölkələrindən müəllimlər iştirak ediblər.
Tədbirdə Azərbaycanda rus dilinə böyük maraq olduğu vurğulanıb. Bildirilib ki, Bakı şəhəri ilə yanaşı, regionlarda da rus dilinin inkişafı üçün geniş imkanlar yaradılıb. Yerli pedaqoqlarla ekspertlərin qarşılıqlı fikir mübadiləsi və bu kimi seminarlar isə tədrisin səviyyəsinin daha da yüksəlməsinə xidmət edir.
Seminarda yeni tədris metodları ilə bağlı təqdimatlar edilib. Ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.