Şabranlı usta tar alətində yeniliklər edib VİDEO






Şabran, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran sakini Bayram Ağasıyev şimal regionunda musiqi aləti hazırlayan azsaylı ustalardandır. Rayonunun Dağbilici kəndində yaşayan usta ömrünün 40 ilini bu peşəyə sərf edib.
AZƏRTAC xəbər verir ki, hələ musiqi məktəbində oxuyarkən vaxtının böyük hissəsini emalatxanada keçirən Bayram Ağasıyev tarın pərdəsini, xərəyini dəyişib, xüsusi mizrablar hazırlayıb.
Usta ancaq sifariş əsasında tar düzəldir və bu musiqi alətlərinin qiyməti 400-600 manat arasında dəyişir. Keyfiyyətli tar aləti tut və ya ərik ağacından hazırlanır. Ağacın gün düşən hissəsindən düzəldilən tarın səsi daha çox bəyənilir.
Əvvəlcə çanaq üçün kötük tən ortadan bölünür. Düzbucaqlı formasında olan kötüyün özəyi təmiz yonulur. Daha sonra çanağın çöl hissəsi formaya salınır. Çanaq yonulduqdan sonra tam quruyanadək bir-iki il saxlanılır. Çanaq hazır olduqdan sonra bir tarın düzəldilməsinə bir ayadək vaxt sərf olunur.
Musiqi alətinin çanaq hissəsinin üzlüyü iribuynuzlu heyvanların ürəyinin pərdəsindən hazırlanır. Bayram Ağasıyev bildirir ki, tar düzəldən usta bu musiqi alətində yüksək səviyyədə ifa etməyi bacarmalıdır. Səslənmənin keyfiyyəti ustanın musiqi duyumundan birbaşa asılıdır.
Bayram Ağasıyev düzəltdiyi tar alətində yeniliklər etməkdən də çəkinmir. O, tarın içərisindəki dayaq tirini birbaşa qolun üzərində hazırlayır. Bu isə tar alətində yenilikdir. Şabranlı usta bu cür tarın davamlılığına görə digərlərindən üstün olduğunu bildirir. Daha bir yenilik isə ondan ibarətdir ki, usta hazırladığı tarlardan birinə 12-ci simi əlavə edib.
Məktəbdə musiqi fənnini tədris edən B. Ağasıyev son illər ölkəmizdə tar musiqisinə, ifaçılığına marağın artığını bildirir. Amma regionlarda bu musiqi alətini düzəldən və ya təmir edən ustaların sayı getdikcə azalmaqdadır.