Xaçmaz sakininin parka bənzəyən bağı VİDEO
Xaçmaz, 9 aprel, Elxan Yusifli, AZƏRTAC
İxtisasca aqronom olan Qurban Həsənoğlu 20 ilə yaxındır dekorativ bitkilərə maraq göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz sakini həyətyanı sahəsində 500 növdən çox dekorativ bitki, kol və ağac becərir.
Bağban bildirib ki, bu bağça onun mənəvi istirahət yeri olmaqla yanaşı, həm də gəlir mənbəyidir. Son illər dekorativ bitkilərə maraq göstərənlərin sayı daha da artıb. Bu bitkilər əsasən otel və restoranlar, müəssisələr və parklar üçün alınır.
Qurban Həsənoğlunun bağı dekorativ bitkilərlə zəngin parkı xatırladır. Təsərrüfatçı 10 sot ərazidə 100-dən çox dekorativ bitki, 60-a yaxın meyvə ağacı, 200 növdə dibçək və qızılgül kolları, həmçinin başqa bitkilər becərir. Bu bitkilərin çoxunu Özbəkistan, Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gətirib.
Təsərrüfatçı dekorativ bitkiləri becərməyin daha çətin olduğunu deyir. Bu ağacların ilin bütün fəsillərində əkilə bilməsi əsas üstün cəhətlərindəndir. Bitkilər əsasən toxum və tinglə çoxaldılır.
Bağban xaricdən gətirdiyi bitki növlərini artıraraq təsərrüfatını genişləndirmək niyyətindədir.