Qubada keçirilən veloyürüşə 200-dən çox iştirakçı qoşulub VİDEO
Quba, 5 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 5-də Qubada ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan veloyürüşə 200-dən çox iştirakçı qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 kilometrə yaxın məsafəni əhatə edən veloyürüş “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilib. Rayon ictimaiyyət nümayəndələrinin, eləcə də qonaq qismində qatılan digər iştirakçıların yarışdığı veloyürüşə Qəçrəş kəndindən start verilib.
Veloyürüşün məqsədi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin təbliği, gənclər arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
Heydər Əliyev Mərkəzinin qarşısında başa çatan veloyürüşün iştirakçıları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Qalib gələn yürüş iştirakçılarına diplom və kubok təqdim olunub.