SİYASƏT
Azərbaycanın xarici işlər naziri Macarıstanın “Komandor Xaçı” Ləyaqət Ordeni ilə təltif olunub VİDEO
Nyu-York, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə edib, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.
Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Macarıstanın “Komandor Xaçı” Ləyaqət Ordeni ilə təltif olunduğu bildirilib. Mükafatı azərbaycanlı həmkarına təqdim edən Peter Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə Azərbaycanın xarici işlər nazirinə təşəkkürünü bildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.
E.Məmmədyarov mükafata görə Macarıstan nazirinə təşəkkür edərək, bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York