Yağan qar Ağsu dolaylarında nəqliyyatın hərəkəti üçün bir sıra çətinliklər yaradıb VİDEO
Ağsu, 19 fevral, AZƏRTAC
Fevralın 19-da səhərə yaxın yağan qar Ağsu dolaylarında nəqliyyatın hərəkəti üçün bir sıra çətinliklər yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın qalınlığı dolayların Ağsu şəhərindən başlanan ərazisində 5-6 santimetrdən Muğanlı istiqamətinə, şimala qalxdıqca 10-15 santimetrə çatır.
Sübh tezdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin işçiləri yolların təmizlənməsinə başlayıblar. Səhər saat 9-dək dolaylarda sərt döngələr, ümumiyyətlə, təhlükəli ərazilər qardan təmizlənib, avtomobillərin hərəkəti təmin olunub.
Hazırda qar yağmaqda davam edir. Xüsusilə bu yol nasaz avtomobillər və təcrübəsiz sürücülər üçün təhlükəlidir.