İsmayıllının Təzəkənd kəndində şəhid Mirzəağa Əzimovun xatirəsi anılıb VİDEO
İsmayıllı, 6 mart, AZƏRTAC
İsmayıllı rayonunun Təzəkənd kəndində dünyaya göz açan Mirzəağa Kamal oğlu Əzimov 1994-cü ilin martında erməni daşnaklarına qarşı qanlı döyüşlərin birində - Füzuli rayonunun müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən Mirzəağa 1993-cü ildən Qarabağ uğrunda qanlı döyüşlərdə iştirak edib, şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. M.Əzimovun təhsil aldığı Təzəkənd kənd tam orta məktəbi hazırda şəhidin adını daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə martın 6-da Təzəkənd kənd tam orta məktəbində şəhid Mirzəağa Əzimovun anım tədbirində məlumat verilib.
Mərasim iştirakçıları əvvəlcə şəhidin xatirəsini dərin ehtiramla yad edib, məzarı üstünə tər çiçəklər düzüblər.
Anım mərasimində çıxış edən məktəbin direktoru Elxan Bədəlov şəhidin qısa və şərəfli həyatından, rəşadətli döyüş yolundan danışıb.
Rayon icra hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov, təhsil şöbəsinin əməkdaşı Şahin Gənciyev, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli, polkovnik-leytenant Eynulla Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan oğul və qızlarımızın qəhrəmanlıqlarından söz açıblar. Çıxışlarda işğal altındakı torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad ediləcəyi günün uzaqda olmadığı bildirilib.
Mirzəağa Əzimovun müəllimi Lümunə Qasımova şəhid haqqında xatirələrini bölüşüb.
Şəhidin ailə üzvləri adından çıxış edən qardaşı Bəyanat Əzimov ölkəmizdə şəhidlərin xatirəsinə, onlarına ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
Şəhidin təhsil aldığı məktəbdə onun həyatını və döyüş yolunu əks etdirən xatirə guşəsi yaradılıb. Məktəb həyətində M.Əzimovun büstü qoyulub.