MƏDƏNİYYƏT


UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olunub VİDEO

Paris, 20 mart, AZƏRTAC

Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Xalq artisti Alim Qasımov da tədbirdə iştirak ediblər.

İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb. O, UNESCO-nun mənzil-qərargahında konsert vermək üçün dəvət olunan Azərbaycanın Xalq artisti Alim Qasımovu təqdim edib, görkəmli xanəndənin fəaliyyəti barədə məlumat verib.

A.Qasımov tədbirin iştirakçılarını muğamla salamlayıb, Novruz bayramı münasibətilə onları təbrik edib.

UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez tədbirdə çıxış edərək Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığını, BMT Baş Məclisinin qərarı ilə hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Novruz bayramının xalqların zəngin milli-mənəvi dəyərlərini, tarixi adət-ənənələrini qoruyub saxladığı vurğulanıb. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyi, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ruzi-bərəkət bayramı kimi qeyd edilən Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verir.

Bayram tədbirində təşkilatçı ölkələrin milli musiqiləri və rəqsləri ifa edilib.

Sonda təşkil olunan ziyafətdə Azərbaycan milli mətbəxinin ləziz nümunələri də təqdim olunub.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.