Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Novruz bayramı mərasimində təmsil olunub VİDEO









Pekin, 23 mart, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) katibliyi və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Pekində Novruz bayramı münasibətilə mərasim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təşkilata üzv ölkələrin, habelə qurumun müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin qatıldığı mərasimdə Azərbaycan da təmsil olunub.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov böyük bir coğrafi ərazidəki xalqların ümumi bayramı olan Novruzun həm də baharın gəlişini, bərabərliyi, həmrəyliyi ehtiva etdiyini bildiriblər. Qeyd olunub ki, qədim tarixi olan Novruz bayramı dostluq, sülh kimi ümumbəşəri dəyərləri dünyaya yayır.
Mərasimdə ŞƏT-in üzvü olan ölkələrin, habelə müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrin səfirləri çıxış edərək Novruz arzularını ifadə ediblər.
Tədbir iştirakçıları ölkələrin milli stendləri ilə tanış olublar. Azərbaycan stendində xalqımızın zəngin mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə, o cümlədən Novruz ənənələrinə dair əyani vəsaitlər, milli suvenirlər, şəkillər, kitab və jurnallar, əl işləri, xalçalar nümayiş olunub. Mərasim iştirakçıları milli stendimizin qarşısında Azərbaycan musiqisinin sədaları altında rəqs edib, həmrəylik ifadə edən "Yallı" oynayıblar. Qonaqlar yumurta da döyüşdürüblər.
Bundan başqa, iştirakçı ölkələrin milli yeməklərindən ibarət xüsusi guşədə təqdim olunan Azərbaycan mətbəxinin təamları, o cümlədən xan plovu, kabab, dolma, Novruz şirniyyatlarını qonaqlar böyük ləzzətlə dadıblar.
Mərasim ŞƏT-ə üzv ölkələrin musiqi kollektivlərinin və Azərbaycanın musiqiçilərinin ifasında xalq mahnılarından, oyun havalarından, səhnəciklərdən ibarət konsert proqramı ilə davam edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin