MƏDƏNİYYƏT
İnkvizisiya məhkəməsinin dəhşətli işgəncə alətləri VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Latın dilində hərfi tərcüməsi istintaq, axtarış mənasını verən- inkvizisiya XIII-XIX əsrlərdə katolik kilsəsi nəzdində xüsusi istintaq və məhkəmə orqanı olub. Papa III İnnokenti tərəfindən təsis edilib. Bu orqanın başlıca vəzifəsi kafirlərə və cadugərlərə qarşı mübarizə aparmaq olub. 1232-ci ildə Papa IX Qriqori İtaliya, Almaniya, İspaniya, Portuqaliya, Fransa, Niderlandda sonradan isə Meksika, Braziliya və Peruda daimi inkvizisiya tribunalları yaradıb.
İnkvizisiyanın qurbanları orta əsrlərin görkəmli mütəfəkkir və alimləri Yan Qus, Cordano Bruno, Qalleo Qalleo, Nikolay Kopernik olub. Orta əsrlərdə Katolik kilsələrinin çıxardığı cəza hökmləri ağır işgəncə alətləri ilə həyata keçirilirdi.
AZƏRTAC-ın xəbər verir ki, Şirvanşahlar Sarayı Kompleksində İnkvizisiya - orta əsr işgəncə alətləri haqqında sərgi təşkil olunub. İtaliya Respublikası və Rusiya Federasiyasının təşkilati dəstəyi ilə ərsəyə gələn bu sərgidə orta əsrlərin Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza prosedurunun alətləri və qurğuları nümayiş edilir. “İçərişəhər” kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərqdə və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verir . Ekspozisiyada qurbanlara fiziki əzab vermək, onları etiraf etməyə məcbur etmək üçün işgəncə qurğusu nümayiş edilir.
İtaliyalı kolleksiyaçı Pyer Luici Kanovinin şəxsi kolleksiyasından olan bu işgəncə alətlərinin sayı 200-ə qədər olsa da, Bakıya 70-ə yaxın müxtəlif ölçülü qurğu gətirilib. Əntiq əşyalar toplayan kolleksiyaçının əlinə ilk eksponat 40 il əvvəl keçib.
Sərgidə sorğulama kürsüsü, dartma taxtasından tutmuş kiçik ölçülü kəlbətinlərə qədər ən müxtəlif işgəncə alətləri yer alır. O dövrün ən yüngül işgəncə alətlərindən biri daha çox kişi hakimiyyətinə qarşı çıxan qadınlara qarşı istifadə olunan maskalar olub.
Təşkilatçılar da qeyd edir ki, Bakıya gətirilən alətlər sərginin keçiriləcəyi yerə, eləcə də auditoriyaya görə seçilib. İndiyədək bütün dünyanı gəzən eksponatların bir sərgi halına gətirilməsi də az zaman almayıb.
Sərgi eyni mövzunun Şərqdə və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verib. Elə ziyarətçilərə təqdim olunan eksponatların da əsas məramı düşünməyə sövq etməkdir.
Sərgi avqustun 18-dək davam edəcək.