ELM VƏ TƏHSİL
IAEA 2019 konfransının sessiyaları başlanıb YENİLƏNİB VİDEO






























































Bakı, 24 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) sessiyalarla davam edir.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində sentyabrın 24-də “Siyasətin formalaşdırılması”, “Ali təhsil”, “Qiymətləndirmə strategiyaları”, “Müəllim inkişafı”, “Psixoloji qiymətləndirmə", "Dil biliklərinin yoxlanması", "Müəllim hazırlığı və qiymətləndirmə", "Yazı işlərinin qiymətləndirilməsi", "Validlik" mövzularında sessiyalar keçirilib.
Sessiyalarda “Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi və yeni qiymətləndirmə siyasəti”, “Qiymətləndirmə məlumatlarından qərar qəbulu prosesində istifadənin mübahisəli və mürəkkəb xarakteri”, “Azərbaycanda fərqlənmə proqramı nə dərəcədə uğurludur?”, “Xüsusi qabiliyyət imtahanlarında şəffaflığın təmini” mövzularında məruzələr dinlənilib.
Konfrans iştirakçıları milli səviyyədə təhsilin keyfiyyətini yüksəltmək üçün qiymətləndirmənin roluna, akademik fəaliyyətə təsir edən amillərə dair müzakirələr aparıblar.
Tədbirdə, həmçinin “İnsanın yaradıcı potensialının formalaşdırılmasına dair eksperimental araşdırma”, “İnkişaf siniflərində aşağı nəticə göstərən şagirdlərin erkən semestr sinif qiymətləndirməsinin həyata keçirilməmiş nəticələri”,
“Texniki və peşə təhsili üçün işçi qüvvəsinin əsas bacarıqlarının qiymətləndirilməsi" mövzularında təqdimatlar edilib. Bununla yanaşı, "Təbiət elmləri və riyaziyyat müəllimləri üçün onlayn inkişaf kursları", "Peşəkar inkişaf üçün müəllim hazırlığı modeli", "Azərbaycanda e-marker qiymətləndirmə sisteminin funksionallığına giriş" mövzularında çıxışlar, habelə Skandinaviya, Qərbi Afrika ölkələri, Qazaxıstan, Çin, Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı ölkələrinə aid məruzələr dinlənilib, müzakirələr aparılıb.
Xatırladaq ki, konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.