REGİONLAR
Xudat şəhərində 432 şagird yerlik məktəb binasının inşasına başlanılıb VİDEO
Xaçmaz, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Xudat şəhərində 432 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana olacaq.
Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. Hazırda binanın bünövrəsi və zirzəmisi inşa edilir.
Məktəbin direktoru Ayaz Mirzəyev bildirib ki, yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Əvvəlki bina 93 il öncə istifadəyə verildiyindən müasir tələblərə cavab vermirdi.
Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
İş icraçısı Firudin Mehdiyev bildirib ki, məktəb binasının tikintisinin yeni tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.