İQTİSADİYYAT
Azərbaycanın Latviyadakı səfiri Riqada fəaliyyət göstərən “Beynəlxalq Diplomatik və Biznes Klub”da təqdimatla çıxış edib VİDEO
Riqa, 31 yanvar, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Riqada fəaliyyət göstərən “Beynəlxalq Diplomatik və Biznes Klub”da təqdimatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın iqtisadiyyatı: inkişaf və perspektivlər” mövzusuna həsr edilmiş təqdimat mərasimində bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Latviya Seyminin deputatları, müxtəlif dövlət qurumları, biznes dairələr və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlara Azərbaycana dair təqdimat xarakterli “Bakı - Azərbaycanın paytaxtı” adlı videoçarx nümayiş etdirilib.
Səfir C.Axundov Azərbaycanın sosial-iqtisadi inkişafı və son iqtisadi nailiyyətləri barədə məlumat verib, iqtisadiyyatımızın makroiqtisadi göstəricilərini təqdim edib. Bu mövzuda səfir Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik”, Dünya Bankının “Doing Business” kimi hesabatlarına istinad edib.
Diplomat daha sonra Azərbaycan və regionda yaradılan qlobal enerji infrastrukturu - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi layihələr barədə ətraflı məlumat verib. Ölkəmizin “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat infrastrukturunun inkişafına verdiyi töhfələrdən bəhs edən səfir Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, habelə ölkəmizdə yaradılan müasir yol və hava nəqliyyatı infrastrukturu barədə söhbət açıb. Həmçinin Azərbaycanda yaradılan müasir sənaye infrastrukturu və bu xüsusda Sumqayıt Texnologiyalar Parkı, Pirallahı, Balaxanı və Mingəçevir sənaye parklarından geniş bəhs edən səfir ölkəmizin etibarlı enerji, biznes və ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.
Tədbirin yekununda qonaqlara Azərbaycan mili mətbəxi nümunələrindən ibarət çay ziyafəti verilib. Milli çay, şərab, meyvə şirələri və sair ərzaq və qida məhsullarının dequstasiyası keçirilərək “Made in Azerbaijan” brendi təbliğ edilib.
Qeyd edək ki, “Beynəlxalq Diplomatik və Biznes Klub” regionda tanınmış iş adamları və diplomatları birləşdirən sosial və biznes şəbəkələşmə təşəbbüsüdür.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa