REGİONLAR
Yel çərşənbəsində Xaçmazdan reportaj FOTO VİDEO
Xaçmaz, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Novruz bayramının İlaxır çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Niyazabad kəndində keçirilən bayram tədbirində elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğda təmizlənib, qovurğa qovurulub.
Xalq arasında “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsində qadınlar ilaxır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar tikirlər. Bundan başqa, Yel çərşənbəsi günü tonqal qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Mərasim boyu xüsusi bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər bayramın başlanması barədə xəbər yayıblar. Kosa və Keçəl bayram tədbirinin iştirakçıları ilə yumurta döyüşdürərək, zarafatlaşıb. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə yeniyetmələr güləşib, qol gücü sınayıb, “Ənzəli” oynayıblar. Uşaqlar bayram tonqalı üstündən atlanaraq əyləniblər.
Azərbaycanda martın 17-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.