REGİONLAR
Qubadakı könüllülərdən ibarət kollektivə “Xalq teatrı” adı verilə bilər VİDEO
Quba, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Qubada yeni fəaliyyətə başlayan kollektivə “Xalq teatrı” adı verilə bilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatr 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi münasibətilə Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində yaradılıb.
“Könüllülər teatrı”nın kollektivi könüllü gənclərdən və uzun illərdir mədəniyyət sahəsində çalışan həvəskar aktyorlardan ibarətdir.
On altı yaşlı Elşad Şirinov kollektivin ən gənc üzvlərindəndir. “Teatra böyük marağım var. Mədəniyyət Mərkəzinə müraciətimdən sonra Qubada yeni yaradılan “Könüllülər teatrı”na dəvət aldım. Artıq ilk hazırlanan tamaşada rol almışam. İnanıram ki, bu rolum mənim gələcək teatr karyeramda mühüm rol oynayacaq”, - deyə həvəskar aktyor bildirib.
“Könüllülər teatrı”nın təqdim etdiyi ilk tamaşa görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Kamança” əsəri olub. Ramiz Ramazanovun quruluş verdiyi tamaşa Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş etdirilib.
Tamaşaya Mədəniyyət Nazirliyinin mütəxəssisləri tərəfindən də baxış keçiriləcək. Bundan sonra “Könüllülər teatrı”na “Xalq teatrı” adı verilə bilər.
Teatrın bədii rəhbəri Təbib Əsgərov qırx ilə yaxındır mədəniyyət sahəsində çalışır. “Könüllülər teatrı”nın 15 üzvü var. Kollektivimizə qoşulan gənclər arasında çox istedadlı gənclər yer alır. Könüllü musiqiçi gənclərimiz də var ki, bizə qoşulmaq istəyirlər”, - deyə T.Əsgərov söyləyib.
Qubada 1940-1962-ci illərdə Dövlət Dram Teatrı fəaliyyət göstərib. Bu teatrda sonralar görkəmli səhnə ustaları kimi tanınan Səyavuş Aslan, Ofelya Aslan, Məcnun Hacıbəyov kimi aktyorlar fəaliyyət göstərib. 1962-ci ildə fəaliyyəti dayandırılan Quba Dövlət Dram Teatrının bazasında Xalq teatrı yaradılsa da, sonradan fəaliyyətini dayandırıb.