SİYASƏT
AZƏRTAC ilə VNA həm ikitərəfli formatda, həm də beynəlxalq media təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edir VİDEO
Pekin, 19 sentyabr, AZƏRTAC
Vyetnam Xəbər Agentliyinin (VNA) yaradılmasının 75 illiyi qeyd olunur.
1945-ci ilin sentyabrında Vyetnamın sabiq Prezidenti Xo Şi Minin müstəqillik aktını elan etməsindən bir neçə gün sonra Vyetnam Xəbər Agentliyi VNTTX adı ilə öz xəbərlərini Vyetnam, ingilis və fransız dillərində yaymağa başlayıb.
AZƏRTAC xəbər verir ki, Vyetnam Sosialist Respublikasının rəsmi xəbər agentliyi olan VNA media holdinqə 32 qurum, o cümlədən 5 redaksiya, nəşriyyat evi, 9 qəzet, televiziya kanalı və elektron portal daxildir. Ölkə daxilində və xaricdə bir neçə müxbir məntəqəsi fəaliyyət göstərən VNA 40-dan çox xarici agentliklə, o cümlədən AZƏRTAC ilə sıx əməkdaşlıq edir. İki agentlik arasında əməkdaşlıq haqqında sənəd 2014-cü ildə imzalanıb. O vaxtdan başlayaraq VNA və AZƏRTAC informasiya mübadiləsi aparır.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun yubiley münasibətilə VNA-nın baş direktoru Nquyen Duc Loya ünvanladığı videotəbrikdə xalqlarımız arasında dərin tarixi köklərə malik dostluq münasibətlərinin daha da inkişafında xəbər agentliklərinin mühüm rolundan söhbət açılır. Qeyd olunur ki, AZƏRTAC ilə VNA həm ikitərəfli, həm də beynəlxalq media təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edirlər.
VNA-nın internet səhifəsində yerləşdirilən videotəbrikdə 2019-cu ilin aprelində AZƏRTAC-ın sədrliyi və VNA xəbər agentliyinin təşkilatçılığı ilə Hanoyda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclası, habelə Vyetnamın Baş Naziri Nquyen Suan Fukun iclasın bir qrup iştirakçısı ilə görüşü məmnunluqla xatırlanıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri VNA-nın kollektivinə müasir innovasiyaların tətbiqində, Vyetnam həqiqətlərinin dünyaya çatdırılması işində uğurlar arzulayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin