İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı artıq Çin ərazisindədir VİDEO
Pekin, 18 dekabr, AZƏRTAC
Türkiyədən Çinə ixrac yüklərini daşıyan ilk qatar artıq Çin ərazisindədir.
AZƏRTAC xəbər verir ki, bu il dekabrın 4-də İstanbuldan çıxan ixrac qatarı Çinin Sincan Uyğur muxtar bölgəsindəki Xorqos quru limanına daxil olub. Hazırda Çinin gömrük qurumu və dəmir yolu stansiyası da daxil olmaqla, yerli səlahiyyətli idarələr gömrük rəsmiləşdirilməsini və gətirilən malların avtomatik yoxlanılmasını həyata keçirir. Qatar müvafiq proseduru keçdikdən sonra təyinat nöqtəsi olan Sian şəhərinə yola düşəcək.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən 42 konteynerdən ibarət qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçməklə 8700 kilometrə yaxın məsafə qət edir. Türkiyədən Çinə ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləridir.
Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcək. Cari il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 11 min 680 TEU konteyner daşınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin