İQTİSADİYYAT
Yanvarın 1-dən “Smart Customs” layihəsinin tətbiqinə başlanılacaq VİDEO
Bakı, 26 dekabr, AZƏRTAC
2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” (“Smart Customs”) layihəsinin tətbiqinə başlanılacaq.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ölkədəki mövcud vəziyyətlə əlaqədar tətbiqinə müvəqqəti fasilə verilən "Smart Customs" daha da təkmilləşdirilmiş formada istifadəçilərə təqdim olunacaq.
Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart Customs" tətbiqi ilə bəyan edilməsi məcburidir. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki hesablarından tətbiqdən istifadəyə dair ətraflı məlumat almaq olar. (https://youtu.be/WcE7VBCosYk)
Qeyd edək ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.