REGİONLAR
Suqovuşan və Talış kəndlərinə gedən yolların tikintisi birinci mərhələ üzrə yekunlaşıb VİDEO











Bakı, 29 dekabr, AZƏRTAC
İşğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işlər artıq 1-ci mərhələ üzrə yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 28.5 km olan Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Bu səbəbdən də yolboyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və optimal-qırmadaş, qum çınqıl qarışıqlarından yeni yol əsası inşa edilib.
Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 kilometr, Suqovuşandan Talış kəndinə doğru uzanan 7,5 kilometrlik hissələri üzrə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri başa çatıb və sözügedən yollara aşınma qatına qədər yeni asfalt-beton örtüyü döşənib. Yeni asfalt-beton örtüyünün döşəndiyi sahə 250 min kvadratmetrdən çoxdur.
Avtomobil yolları boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli yeni suötürücü dəmir-beton boruların və boru başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri də aparılaraq yekunlaşdırılıb.
Bundan başqa layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yolboyu yol nişanı və məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri, həmçinin avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri olan ərazilərdə yol kənarlarına əyri-xətli dəmir tirlər quraşdırılıb. Bundan başqa yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri də icra olunub. Kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.
Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.