“ABAD”çı İsmayıl Mikayılovun kiçik biznesi: Qoxusuz sarımsaq tozu və başqa ədviyyatlar VİDEO
Quba, 6 yanvar, Elxan Yusifli, AZƏRTAC
Sarımsaq çox faydalı olsa da kəskin qoxusuna görə az istifadə olunur. Kimsə sizə qoxusuz sarımsaq haqqında danışsa yəqin inanmayacaqsız. Amma belə məhsul var və ən əsası Azərbaycanda istehsal olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba “ABAD Factory” İstehsalat Kompleksində hazırlanan üyüdülmüş sarımsaq təbii olmağı ilə bərabər kəskin qoxudan azad edilir.
Qida məhsulları istehsalı sahəsində çalışan “ABAD”çı İsmayıl Mikayılov artıq 2 ildən çoxdur öz kiçik biznesini qurub.
“Uzun müddət satış sahəsində çalışmışam. Sonradan fikirləşdik ki, özümüz də istehsal sahəsinə keçək. Xarici bazarı araşdırdıqdan sonra üyüdülmüş sarımsaq istehsal etmək qərarına gəldik. Çünki bizdən əvvəl ölkəmizdə bu istehsalla məşğul olan yox idi. 2018-ci ildən ABAD-la əməkdaşlıq edirik. Quba “ABAD Factory” İstehsalat Kompleksində istehsal yeri və müasir avadanlıqlarla təmin olunmuşuq. Məhsullarımızın satışının təşkili, qablaşdırılması və daşınmasında bizə böyük dəstək göstərilir. Bizim məhsulun əsas müsbət cəhəti ondan ibarətdir ki, təbii sarımsaqdan fərqli uzun müddət saxlanıla bilir. Ədviyyat şəklində istifadə olunan üyüdülmüş sarımsağın bir çox faydaları var. Biz ümumilikdə 7 növ məhsul istehsal edirik. Yeni çeşidlər üzərində də çalışırıq. Əsas məqsədimiz məhsullarımızın qatqısız və təbii olmasını təmin etməkdir. Hədəfimiz məhsul çeşidini 20-dək artırmaqdır”, - deyə İ.Mikayılov söyləyib.
Virus və mikroblar əleyhinə güclü təsirə malik sarımsaq qrip eləcə də, soyuqdəymə zamanı ən effektli təbii mübarizə vasitələrdəndir. “ABAD”çı İ.Mikayılovun istehsal sahəsində hazırlanan sarımsaq tozu da eyni təbii xüsusiyyətləri özündə saxlayır. Burada sarımsaq əvvəlcə təmizlənərək yuyulur. Xüsusi avadanlıq vasitəsilə xırdalanan sarımsaqlar sobada qurudulur. Bundan sonra sarımsaqlar üyüdülərək toz halına salınır. Bundan sonra hazır məhsul qablaşdırılaraq satışa çıxarılır. Hazırda müəssisədə sarımsaq tozu ilə birgə qara və qırmızı istiot, sumax, sarıkök, pul bibər və çörəkotu kimi ədviyyatlar da istehsal olunur.
İ.Mikayılovun dediyinə görə, ilk vaxtlar məhsulunu yalnız şəxsi tanışlıq sayəsində xırda dükanlar satışa çıxarırdılar. Hazırda isə istehsalı olan sarımsaq tozu və digər ədviyyatlar “ABAD” Bakaleyalarında və digər satış məntəqələrində alıcılara təqdim olunur.
Quba Regional “ABAD” mərkəzinin direktoru Elxan Nağıyev deyib ki, müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
“Qubada “ABAD Factory” İstehsalat Kompleksi 2018-ci ildə istifadəyə verilib. Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir. Bizə qoşulmaq istəyən ailələr saytımız vasitəsilə müraciət edə bilərlər. Yaxın vaxtlarda “ABAD” brendində olan məhsullar müştərilərə yeni dizayn və tərtibatla təqdim olunacaq. Bunun üçün Qubada “ABAD”ın paketləmə fabriki inşa olunub”, - deyə E.Nağıyev bildirib.