CƏMİYYƏT
Bakıda özünü qazi kimi təqdim edərək insanlardan pul toplayan şəxs ifşa olunub VİDEO
Bakı, 8 fevral, AZƏRTAC
Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub.
Polis bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.
Elbrus Hüseynovun qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib. Qəsdən insanları aldatmaq və guya Vətən müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan Elbrus Hüseynov barəsində 26-cı polis bölməsində araşdırmalar davam etdirilir.