REGİONLAR
Saatlıda 12 min hektardan çox əkin sahəsində şoranlaşmanın qarşısı alınıb VİDEO


























Saatlı, 18 mart, Aydın Yavərzadə, AZƏRTAC
Saatlıda əkin sahələrinin şor sulardan təmizlənməsi üçün kollektor və drenaj kanalları lildən təmizlənir. Bununla yanaşı, dren kanalları kənarında yaşıllıq zolaqlarının sahəsi artırılıb. Təkcə 2021-ci ildə 34 hektara qədər meşə zolağı salınıb və 60 kilometrdən çox kollektor lildən təmizlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayonunda yerləşən Mil-Muğan Meşə Meliorasiya İdarəsi adından da məlum olduğu əsasən meliorativ işlər və yaşıllıq zolaqlarının salınması üzrə işlər həyata keçirir. İdarə tərəfindən Saatlı rayonu ərazisində 55 min hektar əkinəyararlı torpaq sahəsinə xidmət göstərilir. Bu sahələrin şor sulardan təmizlənməsi üçün ümumi uzunluğu 1878 kilometr olan kollektor-drenaj sistemi və kanallar üzərində yerləşən 1500 ədəd hidroqurğu fəaliyyət göstərir.
Mil-Muğan Meşə Meliorasiya idarəsinin rəisi Xanhüseyn Əhmədovun verdiyi məlumata görə, təkcə ötən il kollektorlar üzrə 350 kilometr sahədə kanal lildən təmizlənib. Həmçinin 13 ədəd hidroqurğu cari təmir edilib. Eyni zamanda, 3 ədəd yeni hidroqurğu inşa edilərək istifadəyə verilib. Rayon ərazisindən keçən əsas kollektorlardan K2 kanalının Baş Mil-Muğan kollektoruna axıdılması üçün əlavə olaraq 1200 millimetrlik suötürücü tikilib. Nəticədə Saatlı rayonu ərazisində 12 min hektardan çox sahənin şoranlaşmasının qarşısı alınıb.
Həmin kanal üzərində təsərrüfatla məşğul olan fermerlər söyləyirlər ki, adıçəkilən suötürücünün fəaliyyət göstərməsinin böyük əhəmiyyəti var. Fermer Yavər Abbasov deyir ki, Saatlı rayonu Aran bölgəsi olduğu üçün sahələr əsasən suvarma yolu ilə becərilir. Buna görə də ərazidə kollektor drenlərin vaxtında təmizlənməsi əsas şərtdir. Əks halda torpaq altında yığılan şor sular əkinçiliyə də mənfi təsir göstərə bilər.
Mil-Muğan Meşə Meliorasiya İdarəsi tərəfindən həm də kanalların kənarında yaşıllıq sahələrinin mühafizəsi və yeni meşələrin salınması işləri də yerinə yetirilir. İdarə tərəfindən Saatlı ilə yanaşı, ətraf rayonların ərazisində, ümumilikdə, 2560 hektar yaşıllıq zolağına xidmət göstərilir. Təkcə ötən il kollektor kanallarının kənarında 70 hektardan çox sahədə ağac əkilib. Bunun üçün idarənin 3 hektar ərazidə ting becərmə sahəsi də var. Həmin ərazidə müxtəlif növ meşə ağacları görüş, iydə, çinar, şam və digər tinglər yetişdirilərək sahələrə köçürülür.
Hazırda K-5, SD-2, SD-1, SD-4 kollektorlarında lildən təmizlənmə işləri aparılır. Meliorativ tədbirlərin daha da yaxşılaşdırılması üçün cari ildə SD-4 və SD kollektorları üzərində əlavə olaraq iki ədəd hidroqurğunun əsaslı təmiri nəzərdə tutulur.