“Böyük qayğı” proqramı çərçivəsində Bərdədə Vətən müharibəsi qaziləri ziyarət olunub VİDEO
Bərdə, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda yaşayan Vətən müharibəsi qaziləri “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra edilən “Böyük qayğı” proqramı çərçivəsində ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkilatın idarə heyətinin üzvlərinin, könüllülərin, eləcə də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Bərdə şəhərində və rayonun kəndlərində baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.
Bildirilib ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir. Proqram çərçivəsində respublikanın bütün şəhər və rayonlarında Vətən müharibəsi qazilərinin ziyarət olunması planlaşdırılır. Artıq indiyədək Bakı, Abşeron, Sumqayıt, Gəncə, Biləsuvar, Şəki, Quba, Mingəçevir, Şamaxı şəhər və rayonlarında Vətən müharibəsi qaziləri ziyarət olunaraq, sosial vəziyyətləri ilə yaxından maraqlanılıb.
Adıçəkilən proqramla yanaşı, təşkilat tərəfindən davamlı olaraq gənc qazilərlə bağlı sosial-psixoloji reabilitasiyası, məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur.
Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.
“Böyük qayğı” proqramı “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunur.