Udmurtiyada “Azərbaycan bağı”nın açılışı olub VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərindəki Kosmonavtlar Parkında Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə və “Azərbaycan bağı”nın açılışına həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin Azərbaycanın mədəni dəyərlərinin simbiozu olan nadir “Azərbaycan bağı” layihəsi çərçivəsində baş tutub.
Açılışda tədbirin əsas təşkilatçısı olan “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri Zülfüqar Mirzəyev, Administrasiya rəhbərinin müavini - İjevsk şəhər Administrasiyasının Aparat rəhbəri Denis Loqinov, Udmurtiya Respublikası Milli Siyasət nazirinin müavini Aleksandr Filatov, İjevsk Şəhər Duması sədrinin müavini Nikolay Şevtsov, İjevsk Sənaye Məhəlləsi İdarəsinin rəhbəri Lyubov Zaytseva, İjevsk Şəhər Dumasının sosial siyasət üzrə daimi komissiyasının sədri Bəhruz Hümbətov, “Udmurt Keneş” Ümumudmurt Birliyi Assosiasiyasının vitse-prezidenti, Udmurtiya Xalqları Assambleyasının sədri Vladimir Baymetov, həmçinin yəhudi, rus, Belarus, tacik, tatar və mari diasporlarının liderləri iştirak ediblər.
İjevsk Şəhər Duması sədrinin müavini Nikolay Şevtsov çıxış edərək bildirib ki, Kosmonavtlar Parkında açılan və Udmurtiya üçün bənzərsiz olan “Dostluq bağı” onun direktoru Vitali Tyulpinin sayəsində yaradılıb və üç il əvvəl prezident qrantları müsabiqəsinin qalibi olub. “Udmurtiyanın 15 milli-mədəni dərnəyi burada öz həqiqətlərini, ənənələrini və milli qürur mənbələrini əks etdirən guşələrini yaradıb və inkişaf etdirib. Hər bir kompozisiya udmurt torpağında sülh və harmoniya içərisində yaşayan 70-dən çox millətin nümayəndələri üçün doğma yerlərinin və ənənələrinin bir parçasıdır. Əminəm ki, zaman keçdikcə onların sayı daha da artacaq. Udmurtiya həmişə tolerantlığı və millətlərarası və dinlərarası dostluğu ilə seçilib. Respublikada yaşayan bütün millətlərdən olan insanlar yerli əhalinin mədəniyyətinə və ənənələrinə hörmət edirlər. Bu xeyirxah ənənələrin davam etməsini arzulayıram!”, - deyə o qeyd edib.
“Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri Zülfüqar Mirzəyev bildirib ki, bağın açılışı azərbaycanlıların və digər millətlərin udmurt torpağında nə qədər mehriban yaşadığını bir daha nümayiş etdirir. O deyib: “Respublikada yaşayan azərbaycanlılar yerli əhalinin mədəniyyətinə və ənənələrinə hörmət edirlər, ancaq Vətənimizi də unutmuruq. Məsələn, Udmurtiyada azərbaycanlı uşaqların ana dilini öyrəndiyi bazar günü məktəbi var. Burada bağın hər bir kompozisiyası udmurt diyarında Azərbaycan xalqının ruhunun bir hissəsidir və gənc nəslin təlim-tərbiyəsinə, onun tarixinə və mədəniyyətinə maraq oyandıraraq töhfə verəcək. Ötən il bayram gününün şərəfinə Kosmonavtlar Parkında açılan “Dostluq bağı”nın xalq guşəsində səkkizguşəli ulduz şəklində “Buta” abidəsi qurulub. “Buta” Azərbaycan milli ornamenti üçün səciyyəvi olub sanskrit dilindən tərcümədə od deməkdir. Həmçinin, burada Qobustanın qayaüstü rəsmlərinin dekorativ heykəltəraşlığı da öz əksini tapıb. Parkda yerləşdirilən böyük daş abidənin üzərində Azərbaycanın xəritəsi əks olunub. Xəritədə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimiz vahid Azərbaycanın tərkib hissəsi kimi göstərilib. Mədəniyyət obyektində Azərbaycanın ən məşhur mədəni, tarixi və görməli yerləri əks olunub. Bağın memarlıq və landşaft dizaynı layihəsinin həyata keçirilməsi şəhər mühitini daha da gözəl və bənzərsiz edir. Azərbaycan Bağı Kosmonavtlar Dendrari parkının gözəçarpan bəzəyi olaraq şəhər əhalisinin bütün təbəqələri üçün maraqlı və faydalı istirahət yerinə çevrilib”.
Sonra tədbirin digər iştirakçıları təbrik nitqi ilə çıxış ediblər.
Açılış mərasimi parkın əsas səhnəsində bayram konserti ilə davam edib.