Qusarda futbol bayramı: “Neftçi” və “Şahdağ”ın veteran futbolçuları yenidən meydanda VİDEO
Qusar, 15 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusarda “Neftçi” (Bakı) və “Şahdağ” (Qusar) futbol klublarının veteran oyunçuları arasında yoldaşlıq matçı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoldaşlıq oyunu Qusar futbolunun ən tanınmış simalarından olan Kamran Əlibabayevin 50 illik yubileyinə həsr olunub.
Matçda Azərbaycan futbolunun tanınmış simalarından Oqtay Abdullayev, Asif Əliyev, Novruz Əzimov, Musa Qurbanov, Mehman Yunusov, Əli Abuşov, Mahmud Qurbanov, Tərlan Əhmədov, Bəhram Şahquliyev, Əfqan Talıbov, Elxan Müslümov, Tural Cəlilov, Azər Mehdiyev, Rahid Əmirquliyev, Slavik Alxasov kimi veteran futbolçular meydana çıxıb.
Kamran Əlibabayev karyerası boyunca “Şahdağ”la yanaşı, “Neftçi”, “Şəmkir” kimi çempionluğa iddialı klublarda çıxış edib. Hücumçu bu komandalarla birlikdə Azərbaycan Kubokunun qalibi olub, Premyer Liqanın gümüş və bürünc medalını qazanıb. Milli çempionatımızda 293 matçda çıxan Kamran Əlibabayev 97 qol vurub.
Veteran futbolçular arasında qarşılaşmanı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev idarə edib.
Hər iki komandanın heyətində bir hissə oynayan Kamran Əlibabayev yubiley matçında iki qolun müəllifi olub. Qollardan biri “Şahdağ”ın digəri isə “Neftçi”nin qapısına vurulub. Gərgin mübarizə şəraitində keçən matç 3:3 hesabı ilə başa çatıb.