REGİONLAR
Vətən müharibəsi şəhidi Tural Qubatovun doğum günü qeyd edilib VİDEO
Füzuli, 4 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İyulun 4-ü Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Tural Qubatovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin 23 yaşı ailə üzvləri tərəfindən həm hüznlə, həm də qürur hissi ilə qeyd edilib.
1998-ci il iyunun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində döyüşçü ailəsində dünyaya gələn Tural uşaq yaşlarından hərbçi olmağı arzulayırdı. Atasının yolunu davam etdirmək arzusu ilə yaşayan Tural həqiqi hərbi xidməti başa vurduqdan sonra ordu sıralarında qalmağı qərara aldı.
Şəhid atası deyir ki, oğlu müddətdən artıq hərbi xidmətçi kimi həmlə taborunda ön cəbhədə döyüşürdü. Alxanlı istiqamətindən başlayan əks-hücum zamanı pulemyotçu olaraq düşmənə qarşı mərdliklə vuruşub. O və hərbçi yoldaşları 30 illik erməni səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra Tural və döyüşçü yoldaşları Cəbrayıl istiqamətində düşmənə qarşı mərdliklə vuruşublar. Gərgin döyüşlərdən birində Tural qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.
Şəhidin bibisi Füruzət Qubatova onun barəsində qürurla danışaraq deyir: “Tural hələ uşaq yaşlarından seçilən bir oğul idi. Mərdliyi, qorxmazlığı ilə yaşıdlarından fərqlənirdi. Cəbhə bölgəsinə yaxın yaşadığımız üçün hər zaman deyərdi ki, biz o torpaqları azad edəcəyik, düşməni doğma torpaqlarımızdan çıxaracağıq. Canını da Vətən uğrunda fəda etdi”.
Tural Qubatov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib və həmin medal şəhidin ailəsinə təqdim olunub.