Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolunun inşası tezliklə yekunlaşacaq VİDEO
Tərtər, 17 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 11 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur. Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
Tikintidə iş icraçısı Zakir Həşimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Layihəyə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib. Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan və icrası təmin edilən işlərdəndir.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iki laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək. İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolunun yenidən qurulması ilə vətəndaşlarının gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq. Odur ki, yolun yenidən qurulması kənd sakinlərinin sevincinə səbəb olub.
Azad Qaraqoyunlu kənd sakini Qəzənfər Mehdiyev deyib: "Yol mədəniyyət, tərəqqi, əlçatanlıq deməkdir. Kənd sakinləri yol sarıdan çətinlik çəkirdilər. Artıq bu çətinliyimiz aradan qaldırılır. Yollarımız yüksək keyfiyyətlə yenidən qurulur. Bu da camaatın rifah halının yüksəlməsinə səbəb olacaq. Bunun üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk".