REGİONLAR
Naxçıvanda əsgərlərlə qazilərin görüşü təşkil edilib VİDEO
Naxçıvan, 19 iyul, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu dəfə əsgərlərlə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən bir qrup qazilərin görüşü təşkil edilib. Tədbirdə həmçinin Şərur rayonunun mədəniyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov çıxışında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən igid Vətən oğulları ilə görüşün və konsert proqramının təşkil edilməsinin əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının artırılmasında mühüm rol oynadığını bildirib.
Fariz Sərxanov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizin hərtərəfli sosial təminatla əhatə olunduğunu qeyd edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi” yaradılıb. Bu da şəhid ailələrinə və qazilərimizə növbəti qayğının ifadəsidir.
Kəngərli Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri, ehtiyatda olan zabit Rəşid Nağıyev və Vətən müharibəsində iştirak etmiş qazilərimiz Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş nümunələri, qətiyyəti barədə danışıb, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində Şərur rayon Mədəniyyət şöbəsinin “Arpaçay” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış edib.
“Şərur” Xalq Yallı Ansamblının çıxışları əsgər və zabitlərdə xoş ovqat yaradıb.
Əsgərlər də vətənpərvərlik ruhunda mahnılar səsləndirib qonaqlarla birlikdə rəqs ediblər.