Cəbrayıl Həsənov: Çalışacağıq, dünya çempionatında uğuru çıxış edək VİDEO





Xaçmaz, 28 iyul, Elxan Yusifli, AZƏRTAC
Son Avropa çempionatında 10 çəkidə mübarizə apardıq. Üç güləşçimiz qızıl medal qazana bildi. Çalışacağıq, qarşıdakı dünya çempionatında bu nəticəni daha da yaxşılaşdıraq. Gənclərdən ibarət milli komandamızın üzvü Turan Bayramov hazırda Olimpiya oyunlarına yollanıb. Oradan qayıdandan sonra heyətimizə qoşulacaq. Avropa çempionumuz Cəbrayıl Hacıyev də dünya çempionu olmağa iddialı güləşçilərimizdəndir. Çalışacağıq, dünya çempionatında uğurla çıxış edək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində sərbəst güləş üzrə gənclərdən ibarət milli komandamızın böyük məşqçisi Cəbrayıl Həsənov bildirib.
Sərbəst güləş üzrə gənclərdən ibarət milli komandamız avqustun 16-dan 22-dək Rusiya Federasiyasının Ufa şəhərində təşkil olunacaq dünya çempionatına Xaçmaz Olimpiya İdman Kompleksində hazırlaşır. Komandaya 22 gənc güləşçi cəlb olunub. Sərbəst güləşçilər böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında intensiv şəkildə məşqləri davam etdirir.
Cəbrayıl Həsənov bildirib ki, məşq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb. Ancaq paralel olaraq taktiki-texniki çalışmalar da həyata keçirilir.
“İyulun 19-dan Xaçmazda məşqlərə başlamışıq. Təlim-məşq prosesi iyulun sonunadək davam edəcək. Buradan Bakıya qayıdacağıq və qısa müddət istirahətdən sonra yenidən məşqlərə başlayacağıq. Bütün şərait var ki, komandamız yüksək səviyyədə hazırlaşıb qarşıdakı yarışlarda uğurla çıxış etsin”, - deyə Cəbrayıl Həsənov bildirib.
Qeyd edək ki, dünya çempionatı avqustun 16-dan 22-dək Ufa şəhərində təşkil olunacaq. Yığmamız daha sonra sentyabrın 4-dən 11-dək Kazanda baş tutacaq ilk MDB oyunlarında qüvvələrini sınayacaqlar.