REGİONLAR
Tovuz şəhərində yeni avtomobil tuneli inşa edilir VİDEO
Bakı, 3 avqust, AZƏRTAC
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisinə dair dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən agentliyin sifarişi əsasında tədbirlər həyata keçirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası davam etdirilir. Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr nəzərdə tutulur.
Tunelboyu hər bir istiqamət üzrə 120 metr və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.
Hazırda tikinti ərazisində torpaq işləri davam etdirilir, yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur. Ərazidə artıq 154 svay vurulub və yeni inşa edilən tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarısında isə müvafiq olaraq işlər davam etdirilir.
Yeni tunel istifadəyə verildikdən sonra qabaritindən asılı olmayaraq buradan bütün avtonəqliyyat vasitələri istifadə edə biləcəklər.
Yeni inşa ediləcək piyada səkiləri vasitəsilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini keçmədən öz yollarına davam edəcəklər.
Avtomobil tuneli “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.