REGİONLAR
Pakistandan gətirilən pambıq sortlarından yüksək nəticə əldə olunub FOTO VİDEO
Beyləqan, 6 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycanda nüvə enerjisi tətbiq olunan pambıq toxumlarının əkinindən yüksək nəticə əldə edilib. Mütəxəssislər Beyləqan rayonunda yerləşən Mil-Təcrübə Stansiyasında sınaqdan çıxarılan 7 növ mutant toxumun çıxışına baxış keçiriblər. Gələcəkdə bu toxumların daha geniş sahədə əkilib-becərilməsi planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nəzdində olan Beyləqan Mil-Təcrübə Stansiyasında yeni sınaq layihəsi gerçəkləşdirilib. Məqsəd nüvə enerjisi və digər üsullardan istifadə etməklə pambıqçılığın inkişafıdır.
Bitkiçiliyin Təşkili və Monitorinq Şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, pambıqçılıq strateji əhəmiyyətə malik və valyuta gətirən sahədir: “Pambıqçılığın inkişafı üçün dövlət başçısının təsdiq etdiyi dövlət proqramı var. Bu proqramın əsas məqsədi pambıqçılığın inkişafı üçün müasir və innovativ texnologiyalardan, həmçinin digər ölkələrin təcrübələrindən istifadə etməklə məhsuldarlığı artırmaqdır. Bununla bağlı reallaşdırılan layihələrdən biri də 2021-2024-cü illərdə Azərbaycanda pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə torpaq, qida maddələri və su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsidir. Bu layihə əsasında Pakistandan gətirilən 7 növ pambıq toxumunun səpini AEBA eksperti Muhammed Zamanın təklif etdiyi beynəlxalq metodikaya uyğun olaraq aparılıb. Burada əsasən iki sort özünü daha yaxşı göstərib və çox sayda qoza verib”.
Həmsöhbətimiz qeyd edib ki, həmçinin sortlar içərisində intensiv inkişaf edən kollarda var. Gələcəkdə bu kolları münbitliyi daha az olan torpaqlarda tətbiq etməklə pambıqçılığı inkişaf etdirmək olar.
Layihə çərçivəsində beynəlxalq səviyyədə kadr yetişdirilməsinə də önəm verilir. Belə ki, bu istiqamətdə institut əməkdaşları xarici ölkələrdə kurs keçirlər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatoru Nəzakət İsmayılzadə bildirib ki, həyata keçirilən layihə AEBA-nın təklif etdiyi xüsusi sahə dizaynı əsasında aparılır. Bu toxumlar hesabına Pakistanda 55-60 sentner məhsuldarlıq əldə olunub və eyni məhsuldarlığın Azərbaycanda da alınması nəzərdə tutulub. Sınaqdan çıxarılan sortların üzərində aparılan fenoloji müşahidələr zamanı “Cotton Super” sortunda və “BS-18” sortunda məhsuldarlığın yüksək göstəricisi qeydə alınıb. Belə ki, kollarda qönçələmə və qoza vermə daha çoxdur. Bu göstəricilər məhsul yığımı zamanı özünü doğruldarsa, mutant toxumlardan daha geniş sahələrdə istifadə edilməsi mümkün olacaq.
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə müavini Natiqə İsmayılovanın sözlərinə görə, sınaq Beyləqanla yanaşı, Ucar və Samux təcrübə stansiyalarında da gerçəkləşib. 1,5 sahədə paralel olaraq pambıq toxumları əkilərək nəticələr müqayisə edilib. “Burada digər məqsəd toxumların yerli iqlimə uyğunlaşması ilə yanaşı, həm də xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasıdır. Layihənin daha səmərəli həyata keçirilməsi üçün Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna yeni avadanlıqlar da gətirilib. Həmin avadanlıqlar biotexnologiya şöbəsində yerləşdirilib”, - deyə o əlavə edib.