“Yalama Aqropark”da əsas qaba yem komponenti olan silosluq qarğıdalı biçini aparılıb FOTO VİDEO
Xaçmaz, 10 avqust, Elxan Yusifli, AZƏRTAC
“Yalama Aqropark”da əsas qaba yem komponenti olan silosluq qarğıdalı biçininin ilkin mərhələsi yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il “Yalama Aqropark”da 191,5 hektar dənlik, 300 hektar isə silosluq qarğıdalı əkini aparılıb.
Silosluq qarğıdalının biçininə avqust ayının əvvəlindən başlanılıb. İlkin olaraq 100 hektar silosluq qarğıdalı sahələri biçilib. Təkrar əkin aparılan 200 hektar yemlik qarğıdalı sahələri isə sentyabr ayında biçiləcək.
“Yalama Aqropark” MMC-nin əkinçilik xidmətinin rəhbəri Rza Rzayev bildirib ki, yüz hektar silosluq qarğıdalı əkinindən 4 min 500 ton yaşıl kütlə əldə edilir. Hər hektardan 48 ton məhsuldarlıq əldə etmək silosluq qarğıdalı əkinləri üzrə yüksək məhsuldarlıq sayılır.
“Yalama Aqropark”da qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunması üçün istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə olunur. Son illərdə aqroparkın sahələrində dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlıq, ümumilikdə, 15 ton və ondan yuxarı olub. Bu, ölkə üzrə qeydə alınan ən yüksək göstəricidir.
Aqroparkda sentyabrın 15-dən dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə edilir.
Aqroparkın əkin sahələrində yerli iqlim şəraitinə uyğun ənənəvi sortlarla yanaşı, digər hibrid qarğıdalı sortları da becərilir.
Qarğıdalı sahələrindən yüksək məhsul əldə etmək üçün bitkilərə aqrotexniki qulluq edilir. Əkin sahələri ziyanverici və alaq otlarına qarşı dərmanlanır, herbisid səpilir. Qarğıdalı sahələri ay ərzində müasir suvarma şəbəkəsi vasitəsilə 7-8 dəfə suvarılır. Aqroparkın ərazisində qarğıdalı ilə yanaşı, arpa, yonca, soya bitkiləri də becərilir.
Təsərrüfatın bu il üzrə ümumi əkin sahəsi 1500 hektardır.
Bu ilin məhsulu üçün aqroparkın əkin sahələrində 782 hektar dənlik, 100 hektar isə yemlik arpa əkilib. Bundan əlavə, 100 hektar da qarışıq yem üçün əkin aparılıb. Dənlik arpa sahələrində orta məhsuldarlıq 30 sentnerdən çox olub.
Hazırda “Yalama Aqropark”da 3200 baş simmental cins heyvan bəslənilir ki, onlardan 1200 başdan çoxu sağmal heyvanlardır. Təsərrüfatda il ərzində 1000-1200 baş arası bala əldə olunur.