Bu il Neftçalada 600 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb VİDEO
Neftçala, 18 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
Respublikamızın torpaq-iqlim şəraiti bütün kənd təsərrüfatı rayonlarında təkrar əkinlərin aparılmasına imkan verir. Fermerlər hazırda təkrar əkin kimi daha çox qarğıdalı əkininə maraq göstərirlər. Yığılan taxılın yerinə təkrar qarğıdalı məhsulunun əkilməsi kampaniyasına qoşulan rayonlarlardan biri də Neftçaladır.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatının bir sıra ixtisaslaşmış sahələrində aparıcı rayonlardan olan Neftçalada silosluq qarğıdalı əkininə də maraq artmaqdadır. Belə ki, bir neçə ildir Neftçalada qarğıdalı əkini aparılır. Mütəxəssislər qeyd edirlər ki, taxıl biçinindən sonra təkrar qarğıdalı əkini həm torpağın münbitləşməsi, həm də heyvandarlıq və yemçiliyin inkişafı üçün olduqca vacibdir.
Bu il neftçalalı fermerlər rayon ərazisində 600 hektar sahədə qarğıdalı əkini aparıb. Sahələrin demək olar ki, hamısında normal çıxış alınıb.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Vidadi Bağırovla söhbət zamanı bildirib ki, sahələrdə hava və torpaq şəraitinə uyğun olaraq, “Zaqatala-40”, “Zaqatala-86” sortları əkilib. Çünki bu toxumlar daha məhsuldardır, daha yüksək məhsul əldə etmək olur. Sahələrdə təkrar qarğıdalı əkininə bütün aqrotexniki qulluq göstərilib. Ziyanverici həşəratlara qarşı mütəmadi müşahidələr aparılır və mübarizə tədbirləri görülüb”.
Rayonda su problemi olmasına baxmayaraq, fermerlər qarğıdalı sahələrini növbəli sistemlə suvarmağa çalışırlar. Fermerlər məhsulun dənlik və ya silosluğa ayrılmasına da diqqət edirlər. Burada əsas üstünlük əlbəttə ki, silosluq qarğıdalıya verilir.
Neftçalada ilk dəfə silosluq qarğıdalı əkini aparan fermerlər də az deyil. Onlardan biri də rayonun Tataraməhəllə kənd sakini Rüfət Hüseynovdur. Fermer deyir ki, qarğıdalı əkini onlar üçün əlverişlidir: “Bu il təcrübə üçün 7 hektar sahədə qarğıdalı əkini aparmışıq. İnşallah məhsuldarlıq olsa, istədiyimiz nəticəni ala bilsək, gələcəkdə sahəni böyüdəcəyik. Aqro-texniki qaydalara da əməl edirik. Suvarılma işləri bir az ləngisə də, çalışırıq ki, növbə ilə əkinləri suvaraq”.
Mütəxəssislər də qeyd edirlər ki, gələcəkdə rayonda su problemi yaranmazsa, qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində daha ciddi işlər görülə və uğurlu nəticələr əldə oluna bilər.